BƏHREYNDƏ BSNA-NIN ÜMUMDÜNYA SEMİNARI KEÇRİRİLMİŞDİR.
29.06.20102010-cu ilin 21-24 iyun tarixlərində Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının Ümumdünya Seminarı və Komitə İclasları keçirilmişdir. Bəhreyn Krallığının Mərkəzi Bankının ev sahibliyi etdiyi qeyd olunan beynəlxalq tədbirdə adı çəkilən Assosiasiyanın üzvü kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyini nazirliyin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev təmsil etmişdir.
Beynəlxalq tədbirin birinci günü baş tutan Ümumdünya Seminarında Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının qarşısında duran və üzv ölkələrin tənzimləmə və nəzarət orqanları tərəfindən əhəmiyyət verilməsi vacib hesab olunan bir sıra məsələlər müzakirə edilmiş, müəyyən fikir mübadilələri aparılmışdır. Seminarda müzakirə obyekti olan mövzular içərisində Beynəlxalq səviyyədə aktiv olan sığorta qruplarına nəzarət üzrə Ümumi Yanaşma ilə bağlı Assosiasiyanın İşçi Qrupu tərəfindən hazırlanmış layihədə (“ComFrame” layihəsi) əks olunan bu sahədəki son inkişaf meylləri və gələcək planlar xüsusi diqqət çəkmişdir. Bundan başqa, Maliyyə Qrupları üzrə nəzarət zamanı fəaliyyəti tənzimlənməyən hüquqi şəxslərlə rəftara dair Təlimat, Böhran İdarəetməsi zamanı beynəlxalq əməkdaşlıq üzrə Standart və digər bu kimi sənədlərin tətbiqi üzrə təqdimatlar nəzərdən keçirilmişdir. 2011-ci ildə başa çatdırılması nəzərdə tutulan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının Əsas Prinsiplərinin yenidən işlənməsi ilə əlaqədar ödəmə qabiliyyəti, kapital uyğunluğu, habelə korporativ idarəetmə standatlarında gözlənilən müəyyən dəyişikliklərin edilməsi barədə də tədbir iştirakçılarına məlumat verilmişdir.
Növbəti günlərə təsadüf edən Assosiasiyanın ildə üç dəfə keçirilən İkinci Komitə İclaslarında Büdcə Komitəsinin, Daxili Nəzarət üzrə İşçi Qrupunun, Tətbiqetmə Komitəsinin, “ComFrame” İşçi Qrupunun, Regional Əlaqələndirmə Altkomitəsinin, Texniki və İcraiyyə komitələrinin gündəliyində olan məsələlər Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının üzvləri ilə birgə müzakirə edilmişdir.
Assosiasiaynın növbəti Komitə İclasları cari ilin oktyabrında təşkilatın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi nəzərdə tutulan İllik Konfransı ilə eyni vaxta planlaşdırılır.









