Dövlət sığorta nəzarəti

 
“Günay Sığorta” ASC-nin lisenziyasının qüvvəsi bərpa edildi.    XƏBƏRLƏR:

SIĞORTA BAZARINDA PEŞƏKAR FƏALİYYƏTİN ƏSASLARI

SIĞORTA BAZARINDA PEŞƏKAR FƏALİYYƏT 


1. SIĞORTA VƏ TƏKRARSIĞORTA FƏALİYYƏTİ
 
I. Sığorta fəaliyyətinin lisenziyalaşdırılması
II. Kimlər sığortaçının (təkrarsığortaçının) səhmdarı ola bilərlər?
III. Sığortaçının səhmdarlarına qoyulan tələblər
IV. Sığorta fəaliyyətinə lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim edilməli olan sənədlərin siyahısı
V. Sığorta fəaliyyətinə lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlərin siyahısı
  

2. SIĞORTA VASİTƏÇİLİYİ FƏALİYYƏTİ 
I. Sığorta vasitəçiliyi fəaliyyətinə dair tələblər
II. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər
III. Kimlər hüquqi şəxs olan sığorta brokerinin müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və ya iştirakçısı ola bilməz 

3. SIĞORTA SAHƏSİNDƏ YARDIMÇI FƏALİYYƏT GÖSTƏRƏN HÜQUQİ ŞƏXSLƏR VƏ MÜSTƏQİL EKSPERTLƏR  

4. SIĞORTA FƏALİYYƏTİNİN PEŞƏKAR İŞTİRAKÇILARININ REYESTRİ  


“Sığorta fəaliyyəti haqqında” ” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanununun 5.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında sığorta bazarının peşəkar iştirakçıları aşağıdakılardır:

  1. Sığortaçılar
  2. Təkrarsığortaçılar
  3. Sığorta vasitəçiləri (sığorta agentləri və sığorta brokerləri)
  4. Aktuarilər
  5. Müstəqil auditorlar
  6. Müstəqil ekspertlər
  7. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər. 


Yuxarıda qeyd olunan maddəyə görə sığorta qanunvericiliyində başqa şəxslər də peşəkar iştirakçılar kimi nəzərdə tutula bilər.

1. SIĞORTA VƏ TƏKRARSIĞORTA FƏALİYYƏTİ  


I. Sığorta fəaliyyətinin lisenziyalaşdırılması

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanununun 43.1-ci və 83.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasında sığorta, təkrarsığorta, sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. Qanunun 43.2-ci maddəsinə uyğun olaraq, yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinə sığorta və ya təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya ilkin müraciət zamanı 5 il müddətinə, bu müddət başa catdıqdan sonra təkrar müraciət zamanı isə müddətsiz verilir. Sığorta və (və ya) təkrarsığorta fəaliyyətini davam etdirmək istəyən sığortaçı (təkrarsığortaçı) Qanunun 57.1-ci maddəsinə əsasən ilk (5 illik) lisenziyasının müddətinin başa çatmasına ən az bir ay qalmış yeni – müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət etməlidir.

Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə uyğun olaraq, sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır. Birinci mərhələdə təsisçilər və ya qanunvericiliyə uyğun qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılır. İkinci mərhələdə isə, açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılır.

“Sığorta fəaliyyəti haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən xarici sığortaçının (təkrarsığortaçının) Azərbaycan Respublikası ərazisində filial açması qadağandır. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçı və təkrarsığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçı və təkrarsığortaçıların payının son həddini və bu payın hesablanması qaydalarını sığorta nəzarəti orqanı müəyyən edir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.9-cu maddəsinə görə sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziyanın verilməsi, onun qüvvəsinin dayandırılması və ya ləğvi qaydaları adı çəkilən qanunla müəyyən edilir. Qanunun 86.1-ci maddəsinə əsasən sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır.

Qanunun 83.7-ci maddəsinə əsasən şəxs eyni zamanda həm sığorta agenti, həm də sığorta brokeri fəaliyyəti ilə məşğul ola bilməz. Sığorta brokeri və sığorta agentinə verilən lisenziya müddətsizdir.  



II. Kimlər sığortaçının (təkrarsığortaçının) səhmdarı ola bilərlər? 


“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə uyğun olaraq,  

  • Azərbaycan Respublikasının vətəndaşları;
  • yerli hüquqi şəxslər;
  • Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları;
  • xarici sığortaçılar və ya təkrarsığortaçılarAzərbaycan Respublikasının sığortaçısının (təkrarsığortaçısının) təsisçisi və (və ya) səhmdarı ola bilərlər.

Qeyd olunan qanunun 18.2-ci maddəsi isə aşağıdakı şəxslərin Azərbaycan Respublikasının sığortaçısının (təkrarsığortaçısının) təsisçisi və (və ya) səhmdarı olmalarına qadağa qoyur:

  • xarici fiziki şəxslər;
  • vətəndaşlığı olmayan şəxslər;
  • Qanunun 19.3-cü maddəsinin tələblərinə cavab verən xarici sığortaçılar istisna olmaqla, digər xarici hüquqi şəxslər;
  • xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxslər;
  • siyasi partiyalar;
  • qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar);
  • Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.  



III. Sığortaçının səhmdarlarına qoyulan tələblər 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin təsisçiləri və ya səhmdarları aşağıdakı tələblərə də cavab verməlidir:

Azərbaycan Respublikasının vətəndaşı:
*müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinə malik olmalı;
*mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda  vətəndaş qüsursuzluğuna malik olmalı. 

Yerli hüquqi şəxs:
*qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinin tələblərinə cavab verməli;
*mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğuna malik olmalı. 

Xarici sığortaçı (təkrarsığortaçı):
*öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin tələblərinə cavab verməli;
*fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməli;
*son beş il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrarsığorta fəaliyyətini həyata keçirməli;
*beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və sığorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olmalı.  


IV. Sığorta fəaliyyətinə lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim edilməli olan sənədlərin siyahısı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinə əsasən lisenziya verilməsi üçün ilkin müraciət edilərkən sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti sığorta nəzarəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

  1. Təsisçilərinin və ya səhmdarlarının yuxarıda qeyd olunan, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
  2. sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət;
  3. açıq səhmdar cəmiyyətinin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;
  4. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:
4.1.hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
4.2.təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti;
4.3.son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;
4.4.nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
  1. fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;
  2. şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;
  3. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;
  4. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:
  • təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;
  • fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;
  • sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;
  • marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;
  • təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;
  • təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;
  • auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;
  • biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;
  • istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri;
  • daxili nəzarət mexanizmlərinin təsviri; 


V. Sığorta fəaliyyətinə lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlərin siyahısı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə əsasən sığortaçı (təkrarsığortaçı) kimi təsis edilmiş hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün sığorta nəzarəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
  1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
  2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
  3. sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq vergi orqanı tərəfindən uçota alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  4. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  5. sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının qanuna uyğun olaraq bank hesabına ödənilməsini təsdiq edən sənədlər;

    QEYD:
    “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 80.1-ci maddəsinə uyğun olaraq sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə ödənilməlidir.

    Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 31 iyul 2008-ci il tarixli Q-09 nömrəli  Qərarına əsasən yeni təsis edilən sığortaçıların tələb olunan kapitalının minimum məbləği 5 miliyon manat, təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləği isə 10 miliyon manat müəyyən olunmuşdur.
  6. rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
  7. sığorta nəzarəti orqanının qəbul etdiyi və fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydaları mövcud olmadıqda aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları;QEYD: 7-ci bənddə nəzərdə tutulmuş tələblər müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinə şamil edilmir.
  8. sığortaçı (təkrarsığortaçı) olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti;

    QEYD:
    “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına Əlavə № 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin  21.1-ci və 21.2-ci bəndlərinə əsasən sığorta və təkrarsığorta fəaliyyətinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği 22000 manat müəyyən edilmişdir.

          Lisenziya verilməsi üçün dövlət rüsumu aşağıdakı bank hesabına köçürülməlidir:

          Benefisiar (alan) bank:                                                Alan müştəri:
          Adı: Kapital Bank 1 saylı Yasamal                                Adı: Dövlət Xəzinədarlığı Agentliyi
          r-n filialı                                                                         Hesab №-si: 32050019443301264103
          Kodu: 200037                                                                VÖEN: 1401555071
          VÖEN: 9900003611       
          Müxbir hesab: 0137010001944    
          S.W.İ.F.T. BİK:     AİİBAZ   2X

Diqqət:  Dövlət rüsumunun köçürülməsi zamanı mütləq qaydada ödənişin təyinatında Dövlət Sığorta Nəzarəti Xidmətinin adı, VÖEN-i (1401567151), Lisenziya alacaq şəxsin və fəaliyyət növünun adı və dövlət rüsumu olması haqqında məlumatlar qeyd olunmalıdır.


 



2. SIĞORTA VASİTƏÇİLİYİ FƏALİYYƏTİ 


I. Sığorta vasitəçiliyi fəaliyyətinə dair tələblər :“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2-83.5-ci maddəsinə əsasən şəxslər sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün aşağıdakı tələblərə cavab verməlidirlər:
Fiziki şəxslər:

* sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyasının əvvəllər ləğv edilməməli;
* müvafiq lisenziya almaq istəyən şəxslər üçün sığorta nəzarəti orqanının müəyyən etdiyi qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməli;
* ən azı 21 yaşı olmalı;
* iqtisadi fəaliyyət və mülkiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə heç zaman məhkum edilməməli (bu barədə məlumatı sığorta nəzarəti orqanının sorğusu əsasında daxili işlər orqanı təqdim edir);
* sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalı.
Hüquqi şəxslər:
*hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri fiziki şəxs kimi həmin lisenziyaya malik olmalıdır.

*hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsinə əsasən sığorta vasitəçisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün həmin Qanunun 83.2-ci – 83.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu təsdiq edən sənədlər və məlumatlardan başqa aşağıdakı sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidir.  
1. fiziki şəxslər:
1.1. daimi yaşayış yeri haqqında arayış;
1.2. müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
QEYD: Müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş hüquqi şəxsin icra orqanının rəhbəri kimi namizədliyi verilmiş fiziki şəxslərə, həmçinin hüquqi şəxs sığorta agentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta agenti lisenziyası almalı olan işçisinə müvafiq lisenziyanın verilməsi ilə bağlı hüquqi şəxsin müraciətinə baxılarkən 1.2.-ci bənddə göstərilmiş sənədin təqdim edilməsi tələb olunmur. 
2. hüquqi şəxslər:
2.1.dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
2.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
2.3.rəhbər vəzifəyə təyin edilən şəxsin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
2.4. əmək müqaviləsi əsasında işçisi olan ən azı bir şəxs fiziki şəxs kimi müvafiq lisenziyaya malik olmasını təsdiq edən sənəd.
QEYD: Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
QEYD: Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları, “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir.
QEYD: “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına Əlavə № 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin  21.3-cü və 21.4-cü bəndlərinə əsasən sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği aşağıdakı kimi müəyyən edilmişdir:Hüquqi şəxs olan sığorta brokerləri – 22000 manat, Fiziki şəxs olan sığorta brokerləri – 1000 manat, Hüquqi şəxs olan sığorta agentləri – 1000 manat, Fiziki şəxs olan sığorta agentləri – 200 manat .

QEYD:
Lisenziya verilməsi üçün dövlət rüsumu aşağıdakı bank hesabına köçürülməlidir:

          Benefisiar (alan) bank:                                                Alan müştəri:
          Adı: Kapital Bank 1 saylı Yasamal                               Adı: Dövlət Xəzinədarlığı Agentliyi
          r-n filialı                                                                          Hesab №-si: 32050019443301264103
          Kodu: 200037                                                                 VÖEN: 1401555071
          VÖEN: 9900003611       
          Müxbir hesab: 0137010001944    
          S.W.İ.F.T. BİK:     AİİBAZ   2X

Diqqət:  Dövlət rüsumunun köçürülməsi zamanı mütləq qaydada ödənişin təyinatında Dövlət Sığorta Nəzarəti Xidmətinin adı, VÖEN-i (1401567151), Lisenziya alacaq şəxsin və fəaliyyət növünun adı və dövlət rüsumu olması haqqında məlumatlar qeyd olunmalıdır.


 




II. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər: 
  1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində nəzərdə tutulan şəxslər istisna edilməklə, hər bir şəxs sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və iştirakçısı ola bilər.
  2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı Azərbaycan dilində müəyyən edilməlidir.
  3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.
  4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında müvafiq olaraq “sığorta brokeri” və “sığorta agenti” sözləri olmalıdır.
  5. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında “Azərbaycan”, “dövlət”, “milli”, “mərkəzi”, “büdcə”, yaxud “respublika” sözlərindən qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə olunur.
  6. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığorta vasitəçilərinin, habelə xarici sığorta vasitəçilərinin adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.  
QEYD: 1-ci və 6-cı bəndlərin tələbləri öz adında nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi şəxsin adından istifadə edən sığorta vasitəçisinə şamil olunmur. 


III. Kimlər hüquqi şəxs olan sığorta brokerinin müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və ya iştirakçısı ola bilməz?
 

Aşağıdakı şəxslər hüquqi şəxs olan sığorta brokerinin müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və ya iştirakçısı ola bilməz: 
*ən azı son 5 il ərzində sığorta brokeri fəaliyyəti ilə məşğul olmayan xarici hüquqi şəxs;*öz ölkəsində fəaliyyəti qadağan edilən xarici hüquqi şəxs;
*yuxarıdakı tələblərə cavab verməyən xarici hüquqi şəxslərin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs;* siyasi partiyalar;
* qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) 
QEYD: Hüquqi şəxs olan sığorta brokerinin təsisiçisi və iştirakçısı eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.  
QEYD: Xarici sığorta brokerlərinin Azərbaycan Respublikası ərazisində filial açması qadağandır. 

3. SIĞORTA SAHƏSİNDƏ YARDIMÇI FƏALİYYƏT GÖSTƏRƏN HÜQUQİ ŞƏXSLƏR VƏ MÜSTƏQİL EKSPERTLƏR:

 
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində fəaliyyət göstərən yardımçı hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız həmin Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər.   

4. SIĞORTA FƏALİYYƏTİNİN PEŞƏKAR İŞTİRAKÇILARININ REYESTRİ: 

“Sığorta fəaliyyəti haqqında” Qanunun 95.3-cü maddəsinə görə sığorta nəzarəti orqanı sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekpertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını sığorta nəzarəti orqanı müəyyən edir. Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydalarına əsasən sığortaçılar (təkrarsığortaçılar) və sığorta vasitəçiləri sığorta nəzarəti orqanından müvafiq fəaliyyət üzrə lisenziya aldıqda onlar bilavasitə sığorta nəzarəti orqanı tərəfindən reyestrə daxil edilir. Sığortaçılar (təkrarsığortaçılar) və sığorta vasitəçiləri istisna olmaqla, sığorta bazarının digər peşəkar iştirakçıları aşağıdakı sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidirlər:
*adı, ünvanı, telefon və faks nömrələri, elektron poçt ünvanı, rəsmi internet səhifəsi, hüquqi şəxsin rəhbərinin adı, soyadı və vəzifəsi göstərilməklə yazılı müraciət;
*Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, təhsil haqqında müvafiq sənədin və müvafiq vergi orqanında qeydiyyata alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
*Azərbaycan Respublikasının hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, həmçinin xarici sığortaçının və ya xarici sığorta brokerinin onun rezidenti olduğu ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş dövlət qeydiyyatı haqqında sənədi;
*Azərbaycan Respublikasının hüquqi şəxslərinin filial və nümayəndəliklərinin əsasənamələrinin, olduqları yerdəki ofis binasından istifadə hüquqlarını təsdiq edən sənədin, habelə hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surətləri;
*xarici sığortaçının və ya xarici sığorta brokerinin, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş, təkrarsığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sənəd;
*”Standart &Poors”, “Moody`s Investors Service”, “Fitch” və ya “A.M. Best” beynəlxalq reyting təşkilatları tərəfindən müəyyən edilmiş hər hansı reytinqə malik olan xarici sığortaçının mövcud reytinqini təsdiqləyən məlumat. 
QEYD: Sığortaçılar müvafiq vasitəçilik müqaviləsi bağladıqları və ya belə müqaviləyə xitam verdikləri sığorta agentərinin adı (fiziki şəxs olduqda həmsinin soyadı və atasının adı), sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının tarixi və nömrəsi barədə məlumatları reyestrə daxil edilmək üçün həmin müqavilənin bağlandığı və ya belə müqaviləyə xitam verildiyi tarixdən 5 iş günü müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər. 
QEYD: Yuxarıda qeyd olunan məlumatların və ya sənədlərin məzmununda reyestrə daxil edildikdən sonra baş verən dəyişikliklər, o cümlədən hüquqi şəxsin yenidən təşkil edilməsi və ya ləğv edilməsi, müvafiq fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi barədə 30 gün ərzində sığorta nəzarəti orqanına məlumat verilməlidir. Sığortaçılar və sığorta vasitəçilərinin lisenziyaları ləğv edildikdə, onlar reyestrdən çıxarılır. ü  Sığorta bazarının digər peşəkar iştirakçıları aşağıdakı hallarda reyestrdən çıxarılır:
*xarici sığortaçının və ya xarici sığorta brokerinin müvafiq olaraq təkrarsığorta və ya vasitəçilik fəaliyyəti hər hansı formada məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə;
*fiziki şəxs öldükdə, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya hüquqi şəxs ləğv edildikdə;
*yuxarıda qeyd olunan sənədlərdə yanlış məlumatların olması faktı aşkarlandıqda;
*hüquqi şəxsin yenidən təşkili, əsas fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət və ya qadağanın olması, müvafiq reytinqindən daha aşağı reytinq alması ilə bağlı məlumatlar sığorta nəzarəti orqanına vaxtında təqdim edilmədikdə;
*xarici sığortaçının və ya xarici sığorta brokerinin fəaliyyətində çirkli pulların yuyulması və (və ya) terrorçuluğun maliyyələşdirilməsi faktı aşkar edildikdə. Reyestr məlumatları (yayılması və ya açıqlanması qanuvericiliklə qadağan olunan məlumatlar istisna olmaqla) sığorta nəzarəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin yazılı sorğu əsasında digər şəxslərə verilə bilər.