REYESTR
SIĞORTA FƏALİYYƏTİNİN PEŞƏKAR İŞTİRAKÇILARININ REYESTRİ
“Sığorta fəaliyyəti haqqında” ” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanununun 5.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında sığorta bazarının peşəkar iştirakçıları aşağıdakılardır:
1. Sığortaçılar
2. Təkrarsığortaçılar
3. Sığorta vasitəçiləri (sığorta agentləri və sığorta brokerləri)
4. Aktuarilər
5. Müstəqil auditorlar
6. Müstəqil ekspertlər
7. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər.
Yuxarıda qeyd olunan maddəyə görə sığorta qanunvericiliyində başqa şəxslər də peşəkar iştirakçılar kimi nəzərdə tutula bilər.
“Sığorta fəaliyyəti haqqında” Qanunun 95.3-cü maddəsinə görə sığorta nəzarəti orqanı sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekpertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını sığorta nəzarəti orqanı müəyyən edir.
Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydalarına əsasən sığortaçılar (təkrarsığortaçılar) və sığorta vasitəçiləri sığorta nəzarəti orqanından müvafiq fəaliyyət üzrə lisenziya aldıqda onlar bilavasitə sığorta nəzarəti orqanı tərəfindən reyestrə daxil edilir.
Sığortaçılar (təkrarsığortaçılar) və sığorta vasitəçiləri istisna olmaqla, sığorta bazarının digər peşəkar iştirakçıları aşağıdakı sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidirlər:
*adı, ünvanı, telefon və faks nömrələri, elektron poçt ünvanı, rəsmi internet səhifəsi, hüquqi şəxsin rəhbərinin adı, soyadı və vəzifəsi göstərilməklə yazılı müraciət;
*Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, təhsil haqqında müvafiq sənədin və müvafiq vergi orqanında qeydiyyata alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
*Azərbaycan Respublikasının hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, həmçinin xarici sığortaçının və ya xarici sığorta brokerinin onun rezidenti olduğu ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş dövlət qeydiyyatı haqqında sənədi;
*Azərbaycan Respublikasının hüquqi şəxslərinin filial və nümayəndəliklərinin əsasənamələrinin, olduqları yerdəki ofis binasından istifadə hüquqlarını təsdiq edən sənədin, habelə hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surətləri;
*xarici sığortaçının və ya xarici sığorta brokerinin, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş, təkrarsığorta və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sənəd;
*”Standart &Poors”, “Moody`s Investors Service”, “Fitch” və ya “A.M. Best” beynəlxalq reyting təşkilatları tərəfindən müəyyən edilmiş hər hansı reytinqə malik olan xarici sığortaçının mövcud reytinqini təsdiqləyən məlumat.
QEYD: Sığortaçılar müvafiq vasitəçilik müqaviləsi bağladıqları və ya belə müqaviləyə xitam verdikləri sığorta agentərinin adı (fiziki şəxs olduqda həmsinin soyadı və atasının adı), sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının tarixi və nömrəsi barədə məlumatları reyestrə daxil edilmək üçün həmin müqavilənin bağlandığı və ya belə müqaviləyə xitam verildiyi tarixdən 5 iş günü müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər.
QEYD: Yuxarıda qeyd olunan məlumatların və ya sənədlərin məzmununda reyestrə daxil edildikdən sonra baş verən dəyişikliklər, o cümlədən hüquqi şəxsin yenidən təşkil edilməsi və ya ləğv edilməsi, müvafiq fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi barədə 30 gün ərzində sığorta nəzarəti orqanına məlumat verilməlidir.
Sığortaçılar və sığorta vasitəçilərinin lisenziyaları ləğv edildikdə, onlar reyestrdən çıxarılır.
Sığorta bazarının digər peşəkar iştirakçıları aşağıdakı hallarda reyestrdən çıxarılır:
*xarici sığortaçının və ya xarici sığorta brokerinin müvafiq olaraq təkrarsığorta və ya vasitəçilik fəaliyyəti hər hansı formada məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə;
*fiziki şəxs öldükdə, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya hüquqi şəxs ləğv edildikdə;
*yuxarıda qeyd olunan sənədlərdə yanlış məlumatların olması faktı aşkarlandıqda;
*hüquqi şəxsin yenidən təşkili, əsas fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət və ya qadağanın olması, müvafiq reytinqindən daha aşağı reytinq alması ilə bağlı məlumatlar sığorta nəzarəti orqanına vaxtında təqdim edilmədikdə;
*xarici sığortaçının və ya xarici sığorta brokerinin fəaliyyətində çirkli pulların yuyulması və (və ya) terrorçuluğun maliyyələşdirilməsi faktı aşkar edildikdə.
Reyestr məlumatları (yayılması və ya açıqlanması qanuvericiliklə qadağan olunan məlumatlar istisna olmaqla) sığorta nəzarəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin yazılı sorğu əsasında digər şəxslərə verilə bilər.









